Dünya Turizm Təşkilatının
İcraiyyə Şurasının iclası
Nümayəndə heyətimiz
Belqradda bir sıra görüşlər keçirib
Mayın 26-dan 29-dək
Serbiyanın paytaxtı Belqradda Dünya Turizm Təşkilatı
(DTT) İcraiyyə Şurasının 95-ci iclası
keçirilib. Tədbirdə Azərbaycanı mədəniyyət
və turizm nazirinin müavini Nazim Səmədovun
başçılıq etdiyi nümayəndə heyəti təmsil
edib.
İclasda Dünya Turizm Təşkilatının
baş katibi Taleb Rifainin ötən müddət ərzində
beynəlxalq turizm sahəsindəki vəziyyət barədə
hesabatı dinlənilib, gələn il üçün
proqnozlar, DTT tərəfindən keçirilən tədbirlər
haqqında məlumat verilib. Bununla yanaşı, iclas zamanı
təşkilatın maliyyə vəziyyəti, gələcək
illər üçün fəaliyyət proqramları, DTT-nin
baş katibi vəzifəsinə seçkilər, Dünya
Turizm Günü və digər məsələlər
müzakirə edilib.
Qeyd edək ki, iclasda Azərbaycan
nümayəndə heyəti müşahidəçi qismində
iştirak edib. Səfər eyni zamanda bu ilin avqustunda Zambiya və
Zimbabvedə DTT Baş Assambleyasının 20-ci sessiyasında
İcraiyyə Şurasına keçiriləcək
seçkilərə hazırlıq məqsədi
daşıyırdı. Ölkəmiz qurumun İcraiyyə
Şurası üzvlüyünə namizədliyini irəli
sürüb.
İclas müddətində tədbir
iştirakçılarına Azərbaycanla Dünya Turizm Təşkilatı
arasında əməkdaşlıq haqqında təbliğat
materialları paylanıb.
Səfər zamanı nümayəndə heyətimiz ikitərəfli görüşlər də keçirib. «Özbəkturizm» milli turizm şirkətinin sədri Farrux Rizayev, Serbiyanın İqtisadiyyat və Regional İnkişaf Nazirliyinin dövlət katibi Goran Petkoviç, həmin ölkənin maliyyə və iqtisadiyyat nazirinin müavini Renata Pinzo və Xorvatiyanın turizm naziri Darko Lorençinlə görüşlər baş tutub. Biznes turizminin inkişaf etdirilməsi üçün konqres büronun yaradılması və bununla bağlı təşkilati fəaliyyətin həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə Serbiyanın Konqres Bürosunun direktoru Miloş Milazanoviçlə də görüş keçirilib.
Azərbaycan nümayəndə heyəti ölkəmizin Serbiyadakı səfirliyinin 28 May - Respublika Günü münasibətilə təşkil etdiyi tədbirdə də iştirak edib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 6.